Göyçay Peşə Hazırlıq Mərkəzində işəgötürənlərin iştirakı ilə görüş keçirilib
Bakı, 19 noyabr, AZƏRTAC
Göyçay Peşə Hazırlığı Mərkəzində regionda fəaliyyət göstərən sosial tərəfdaşların və peşə hazırlığını həyata keçirən müəssisələrin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Dövlət Məşğulluq Agentliyi tərəfindən görülən işlər, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunmasında sosial tərəfdaşlarla əməkdaşlığın qurulmasının agentliyin fəaliyyətində prioritet istiqamətlərdən biri olduğu qeyd olunub. Mərkəz tərəfindən təşkil olunan peşə hazırlığı kurslarının təşkili mexanizmi, əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanıb işlə təmin olunması sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Sosial tərəfdaşlar öz fəaliyyət istiqamətləri haqqında geniş məlumat verərək mərkəzlə peşə hazırlığı kurslarının təşkili istiqamətində əməkdaşlığın qurulması üçün görüləcək işlər barədə müzakirələr aparıblar.