Göyçay şəhərinin Baş planı təsdiqlənib
Bakı, 26 dekabr, AZƏRTAC
Göyçay şəhərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Göyçay şəhərinin Baş planı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar komitənin cəlb etdiyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. Göyçay şəhərinin sonuncu Baş planı 1976-cı ildə tərtib olunmuş və hesabat dövrü 20 il müddəti əhatə edirdi. Təsdiq olunmuş yeni Baş plan istinad ili 2015-ci il olmaqla 2035-ci ilə qədər olan dövrü əhatə edir.
Bu sənəddə şəhərin planlı qaydada inkişafı nəzərdə tutulur və hesabat müddətinin sonuna şəhər əhalisinin 34 faiz artaraq 49 min nəfərə çatması proqnozlaşdırılır. Həmçinin Baş planda şəhər əhalisinin yaşayış (mənzil) fondu ilə təminatı istinad ilində adambaşına 18,1 kvadratmetrdən hesabat müddətinin sonuna 25 kvadratmetrə çatdırılması nəzərdə tutulur.
Baş planda nəzərdə tutulan dövr üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınıb, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınıb.