GÖYÇAYDA NAR BAYRAMI KEÇİRİLMİŞDİR
Göyçay, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də Göyçay rayonunda növbəti dəfə nar bayramı keçirilmişdir. Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonlardan gəlmiş qonaqlar, yerli və əcnəbi iş adamları da iştirak etmişdir.
Əvvəlcə qonaqlar Göyçay şəhərinin girişində musiqi ilə qarşılanmış, onlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanmışdır.
Sonra festival iştirakçıları rayonun 25 kəndində narçılıqla məşğul olan bağbanların yetişdirdiyi müxtəlif sort nar və onlardan hazırlanmış məhsulların sərgisinə baxmışlar.
Heydər Əliyev prospektində idmançıların və kəndirbazların, sehrbaz və pəhləvanların, mahnı-rəqs qruplarının çıxışları maraqla qarşılanmışdır.
Qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyət Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət edərək önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.
Bayram tədbiri Heydər Əliyev parkında davam etdirilmişdir. Parkda rəmzi olaraq nar ağacı əkilmiş, yeni ailə quran bəy və gəlinə, ailə qurmalarının əlli illik yubileyini qeyd edən baba və nənəyə hədiyyələr verilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Milli Məclisin deputatları Şəmsəddin Hacıyev və Elton Məmmədov ölkə başçısı İlham Əliyevin xeyir-duası ilə artıq dördüncü dəfədir keçirilən bu məhsul bayramının əhəmiyyətindən danışmışlar. Natiqlər qeyd etmişlər ki, ölkədə intensiv inkişafın təmin olunması istiqamətində həyata keçirilən uğurlu islahatlar Göyçayda narçılığın itirilmiş şöhrətinin bərpasına da təkan vermişdir. Təkcə son iki ildə rayonda 1500 hektardan artıq yeni nar bağı salınmışdır. Nar festivalı isə rayonda bu meyvənin istehsalının artımına və onun tədarük qiymətinin yüksəlməsinə səbəb olmuşdur. Keçən il rayonda 27 min ton nar tədarük olunmuş və yerli əhalinin büdcəsinə narçılıqdan 5 milyon manatdan artıq vəsait daxil olmuşdur.
Məlumat verilmişdir ki, Göyçayda ənənəvi olaraq hər il narın şərəfinə bayram tədbirinin keçirilməsinin məqsədi bu meyvənin insan orqanizmi üçün nə qədər faydalı olmasını və ondan hansı məhsulların hazırlandığını təbliğ etməkdir. Göyçayda 30-a yaxın nar sortu yetişdirilir. Narın şirəsindən və qabığından 20-ə yaxın xəstəliyin müalicəsində istifadə olunur. Bu meyvədən şərab, şirə, nardança, narrüb, mürəbbə və digər qida məhsulları hazırlanır. Bu il bağbanlar 3500 hektar sahədən 30 min tona yaxın məhsul toplamışlar.
Heydər Əliyev Muzeyinin qarşısında qonaqlar nardan hazırlanmış müxtəlif çeşidli qida məhsullarından, milli yeməklərdən dadmış, milli geyimdə qız və oğlanların söylədiyi şeir və mahnıları dinləmiş, folklor qruplarının çıxışlarına baxmış, məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
M.Ə.Sabir adına parkda nar ilə bağlı müxtəlif müsabiqələr keçirilmişdir. Burada ən böyük nar sahibinə, giləsini yerə salmadan ən tez nar yeyənə, ən sürətli nar şirəsi hazırlayana pul mükafatları verilmişdir.
Heydər Əliyev prospektində təşkil olunmuş sərgidə “Aznar” ASC-nin, “Garnet” MMC-nin Göyçaydakı şirə zavodunun, “Göyçay-Konserv” və Göyçay-Süd” səhmdar cəmiyyətlərinin istehsal etdiyi nar şirələri və ekstraktlar nümayiş olunmuşdur. Qonaqlara məlumat verilmişdir ki, bu müəssisələrin hazırladığı nar şirələri Almaniyada, Fransada, Rusiyada və digər MDB ölkələrində böyük həvəslə alınır.
Bayram tədbiri şəhər bələdiyyəsinin qarşısında tanınmış incəsənət ustalarının iştirak etdiyi maraqlı konsert proqramı ilə davam etdirilmişdir.
Festival atəşfəşanlıqla başa çatmışdır.
######
