Göyçayda taekvondo, güləş və budo üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
Göyçay, 2 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü təntənə ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin, ictimaiyyətin nümayəndələri, veteran və gənc idmançılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən bayram tədbirində dövlət himni səsləndirildikdən sonra rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, gənclər və idman idarəsinin rəisi Elşən Şirinov, rayon polis şöbəsinin rəisi Sənan Əsədov, veteran idmançı İntizam Həsənov çıxış edərək Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamının əhəmiyyətindən danışıb, idmançıları təbrik edərək onlara uğurlar arzulayıblar.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev 1995-ci il martın 5-də Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. Bununla da ölkəmizdə idmanın və bədən tərbiyənin inkişafında yeni strategiyanın əsası qoyulub. Natiqlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər ölkə idmanında əldə olunan nailiyyətlərdən, Göyçayda idman sahəsində görülən işlərdən və qazanılan uğurlardan bəhs edib, ölkəmizdə idman bazasının ildən-ilə möhkəmləndiyini, çoxlu nailiyyətlərin əldə olunduğunu vurğulayıblar. Göyçay idmançılarının taekvondo, güləş və budo döyüş növü üzrə ölkə çempionatlarında və beynəlxalq yarışlarda uğurla iştirak edərək qızıl medal qazandıqları tədbirdə xüsusi qeyd edilib.
Məlumat verilib ki, hazırda Göyçay rayonunda 20 mindən artıq gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Hazırda rayonda bir Olimpiya İdman Kompleksi, bir kompleks idman qurğusu, iki stadion, 34 idman zalı, 128 sadə idman meydançası, bir üzgüçülük hovuzu, 3 trenajor zalı, bir idman klubu, 3 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir.
Tədbirdə taekvondo üzrə Azərbaycan çempionatının qızıl, Avropa çempionatının gümüş medalçısı Ofeliya Allahverdiyeva (42 kq), Avropa çempionatının bürünc medalçısı Yaşar Məmmədli (51 kq), ölkə çempionları Nərmin Süleymanova (52 kq), Ülvi Mustafayev (68 kq), yunan-Roma güləşi üzrə Azərbaycan çempionu Laçın Vəliyev (92 kq), budo döyüş növü üzrə ölkə çempionları Kənan Maqsudov (60 kq, Dünya Kubokunun sahibi), İbrahim Musayev (75 kq), Cəmil Əhmədov (40 kq), Kənan Osmanlı (35 kq) və Məhəmməd Bəkirovu (35 kq), onların məşqçiləri Kazım Kazımov, Rüstəm Rüstəmov və Kamran Baxışov rayon icra hakimiyyətinin fəxri fərman və qiymətli hədiyyələri ilə təltif olunublar.
Xatırladaq ki, Göyçay Taekvondo Məktəbinin yetirmələri bu il fevralın 22-25-də keçirilən Azərbaycan çempionatında 4 qızıl, 3 bürünc medal qazanıblar. Göyçaylı idmançılar turnirdə komanda hesabında birinci yeri tutublar.