Göyçayda “Tarix yazan əbədiyaşar lider” mövsuzunda növbəti dəyirmi masa keçirilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Göyçay Gənclər Evində “Heydər Əliyev ili” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı açan rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yorulmaz fəaliyyətindən bəhs edərək bildirib ki, bu gün Azərbaycan Respublikası iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və tam müstəqil siyasət yeridən ölkəyə çevrilib. Həmçinin Z.Zeynalova qeyd edib ki, 15 oktyabr 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qalib ölkəyə çevrilib. Prezident İlham Əliyev işğal altında olan digər torpaqlarımızda olduğu kimi, ötən gün Xankəndidə, Xocalıda, Xocavənddə də Azərbaycan Bayrağını ucaltmaqla xalqa verdiyi bütün vədləri yerinə yetirmiş oldu.
Tədbirdə çıxış edən Əməkdar müəllim Adil Məmmədov, Mərkəzi Aran Gənclər və İdman İdarəsinin Göyçay rayonu üzrə gənclər və idman sektorunun müdiri Təranə Nuriyeva, Gənclər Evinin əməkdaşı Cəmilə Abdullayeva, Göyçay Peşə Liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Bahar Bədəlova Ulu Öndər Heydər Əliyevin xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.