REGİONLAR
Göyçayda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Göyçay, 18 noyabr, AZƏRTAC
Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində Vətən müharibəsi şəhidi Maarif Rahim oğlu Həsənovun anım mərasimi keçirilib. Kənd qəbiristanlığında şəhidin məzarı yanında keçirilən mərasimdə rayon rəhbərliyi, kənd sakinləri, qazilər, yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidin məzarı üstünə çiçəklər düzülüb, xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Çıxışlarda şəhidin həyat yolundan xatirələr söylənilib, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışılıb.
Qeyd olunub ki, Maarif Rahim oğlu Həsənov 1999-cu il noyabrın 19-da Göyçayın Birinci Ərəbcəbirli kəndində anadan olub. Vətənini sevən, zəhmətkeş bir gənc kimi yetişib, hərbi xidmət keçib. Vətən müharibəsi başlayanda cəbhəyə gedib, 2020-ci il noyabrın 17-də Suqovuşan istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezidentin Sərəncamına əsasən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
X X X
Noyabrın 17-də Göyçayda daha bir Vətən müharibəsi şəhidinin - Yenikənd kəndindən olan Azad Elşad oğlu Kərimlinin uyuduğu kənd qəbiristanlığında məzarı yanında anım mərasimi keçirilib.
Anım mərasimində Azad Kərimlinin həyat yolundan danışılıb. Bildirilib ki, Azad 1997-ci il fevralın 7-də anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən cəbhəyə gedib, müxtəlif əməliyyatlarda düşmənə qarşı cəsarətlə, qəhrəmancasına döyüşüb. Azad da ötən il noyabrın 17-də Suqovuşan istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Prezidentin Sərəncamına əsasən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.