GÖYGÖL ŞƏHƏRİNİN 189 İLLİYİ İLƏ ƏLAQƏDAR “ŞƏHƏR GÜNÜ” KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Göygöl şəhərinin 189 illiyinə həsr olunmuş “Şəhər günü” keçirilmışdır.
Tədbirdə iştirak etmək üçün gəlmiş Almaniya, Türkiyə və Estoniya nümayəndə heyətinin üzvləri, Milli Məclisin deputatları əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, əklil və gül-çiçək dəstələri qoymuşlar.
Sonra bayram tədbiri rayon icra hakimiyyətinin iclas salonunda “Yelenendorf-Göygöl-189” mövzusunda keçirilən beynəlxalq konfransla öz işini davam etdirmişdir.
Konfransı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Arif Seyidov açaraq, qonaqları və iştirakçıları salamlamış, rayonun tarixindən və əhalinin məşğuliyyətindən, son illərdə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışmışdır.
Sonra Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina, Milli Məclisin deputatları Rövşən Rzayev, Məlahət Həsənova, Əkrəm Abdullayev, Almaniyanın Bonn Universitetinin professoru, Euro Kauk-Asiya Mərkəzinin rəhbəri Yeva Mariya Aux, Estoniya parlamenti sədrinin müavini xanım Kristina Oyuland, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, YAP-ın icraçı katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov İqtisad Universitetinin professoru Abbas Seyidov çıxış etmişlər. Bildirilmişdir ki, indiki Göygöl şəhərinin tarixi vaxtilə Azərbaycanda məskunlaşan almanların adı ilə bilavasitə bağlıdır. XIX əsrin əvvəllərində Qafqaza, o cümlədən Azərbaycana köç edən almanlar burada Yelenendorf qəsəbəsinin əsasını qoymuşlar. Azərbaycan xalqı bu torpaqlara pənah gətirən almanlarla uzun illər mehribanlıq və dostluq şəraitində yaşamışdır. XIX əsrin sonundan etibarən Azərbaycanda üzümçülüyün inkişafına təkan verən Hummer qardaşlarının Yelenendorfdakı konyak, Forer qardaşlarının şərab zavodlarının məhsulları beynəlxalq sərgilərdə nümayiş etdirilərək şöhrət qazanmşdı.
Həmin dövrdə alman mütəxəssisləri sosial infrastrukturun yaradılmasında da mühüm işlər görmüşlər. Onların çəkdirdikləri sudan uzun illər rayon əhalisi istifadə etmişdir. Bölgədə ilk tibb məntəqəsi, aptek, məktəb, klub da o vaxt açılmışdı. 1912-ci ildə almanlar Azərbaycanda ilk dəfə olaraq Yelenendorfda, Gəncəçayın üzərində su elektrik qurğusu yaratmış, Zurnabad kəndi yaxınlığında elektrik stansiyası tikmişdilər.
Konfransda Forer qardaşlarının nəslindən olan Tomas Forerin də çıxışı maraqla qarşılanmışdır. O, babalarının yaşadıqları dövrdə istifadə olunan qadın və kişi üst geyimlərindən bir neçəsini, qadınların istifadə etdikləri zinət əşyalarını, habelə babasından ona yadigar qalmış üstü möhürlü üzüyü rayon muzeyinə hədiyyə etmişdir.
Sonra tədbir iştirakçıları Almaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin vəsaiti ilə əsaslı təmir olunmuş alman kilsəsinə gəlmiş, burada 67 ildən sonra bərpa edilmiş kilsə saatının zəngini dinləmişlər. Sonra “Şəhər günü”nün iştirakçıları YUNESKO-nun siyahısına daxil edilmiş 32 ədəd alman tarixi abidəsinin şəkillərini əks etdirən “Dünya Mədəni İrsi Almaniyada” mövzusunda sərgiyə, rayonun Yeni Zod kəndindəki alman məbədinə də baxmışlar.