Göygöldə şəhidlərin xatirəsinə 175 ədəd Eldar şamı əkilib
Göygöl, 22 aprel, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Paşa Holdinq” və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl şəhərində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində rayon üzrə şəhidlərin xatirəsinə onların sayı qədər - 175 ədəd Eldar şamı əkilib.
2021-ci ildən etibarən Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən layihə I və II Qarabağ müharibələrində şəhid olmuş qəhrəmanların əziz xatirəsinin əbədiləşdirilməsini hədəfləyir. Layihə çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında şəhidlərin sayına uyğun olaraq ağaclar əkilir. Bu təşəbbüs, eyni zamanda, ekoloji mühitin qorunmasına və yaşıllaşdırılmasına töhfə vermək məqsədi daşıyır.
Müxbir - Elcan Məmmədov