Göygöldə suvarma suyunda itkinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür
Göygöl, 17 iyun, Rauf Hacıyev, AZƏRTAC
Göygöl rayonunda suvarma suyunun nəqli zamanı itkinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon üzrə 1757 hektar əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Xanarxı kanalında betonlama işləri həyata keçirilir.
Belə ki, 1953-cü ildə istifadəyə verilmiş, 17,4 kilometr uzunluğu, 3 kubmetr/saniyə su buraxma qabiliyyəti olan kanal Meliorasiya və Su Təsərrüfatı ASC-nin Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən əsaslı təmir olunur.