SİYASƏT
GUAM-A GÜRCÜSTAN SƏDRLİK EDƏCƏKDİR
GUAM-ın iyulun 1-də Gürcüstanın Batumi şəhərində keçiriləcək zirvə görüşü quruma daxil olan ölkələrin əməkdaşlığı prosesini qiymətləndirməklə yanaşı, gələn il üçün əməkdaşlığın inkişaf perspektivlərini müəyyənləşdirəcəkdir. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu barədə Batumidə jurnalistlərə məlumat verən GUAM-ın baş katibi Valeri Çeçelaşvili demişdir ki, Gürcüstan bu zirvə görüşündə sədrliyi Azərbaycandan qəbul edib, həmin vəzifəni 2009-cu ilin iyun ayınadək icra edəcəkdir. V.Çeçelaşvili demişdir ki, “GUAM-ın katibliyi və Gürcüstan birlikdə qurum çərçivəsində regional əməkdaşlığa əlavə təkan verməyə çalışacaqlar”.
Gürcüstan XİN-in məlumatına görə, GUAM ölkələri liderlərinin “GUAM Avropanın şərqini birləşdirir” devizi altında keçiriləcək budəfəki zirvə görüşündə 25 dövlətin nümayəndə heyəti, o cümlədən Polşa Prezidenti Lex Kaçinski, ABŞ Dövlət Departamentinin nümayəndələri, Çexiyanın xarici işlər naziri və başqaları iştirak edəcəklər. Zirvə görüşündə bir sıra sənədlər, o cümlədən Batumi zirvə görüşünün Bəyannaməsi, rəsmi məlumat, nəqliyyat və tranzit potensialından istifadə haqqında Bəyannamə, gömrük, hüquq mühafizə orqanlarının əməkdaşlığı haqqında sənədlər, Gürcüstanın GUAM-a sədrliyi proqramı və digər sənədlər imzalanacaqdır.