GUAM-ın baş katibi Latviya və Litvanın Ukraynadakı səfirləri ilə görüşüb
Kiyev, 27 fevral, AZƏRTAC
Latviyanın Ukraynadakı səfiri Yuris Poykans Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb. Bu barədə AZƏRTAC-a qurumun Kiyevdəki qərargahından məlumat veriblər.
Görüşdə tərəflər GUAM ölkələrində vəziyyət, GUAM regionunda və onun ətrafında yeni dəyişikliklər və təşəbbüslər baxımından qurumun imkanları və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Baş katib Azərbaycan Respublikasının GUAM-a sədrliyi dövründə əməkdaşlıq planları, habelə GUAM+ formatında beynəlxalq əməkdaşlıq imkanları, layihə və proqramların reallaşması üçün əməkdaşlığın sürətləndirilməsi və genişləndirilməsi niyyətləri barədə səfiri məlumatlandırıb.
Tərəflər əlaqələri və informasiya mübadiləsini davam etdirmək niyyətində olduqlarını bildiriblər.
X X X
Eyni mənbənin məlumatına görə, fevralın 26-da Litvanın Ukraynadakı səfiri Marius Yanukonis GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb.
Söhbət zamanı baş katib GUAM-da işlərin gedişatı, 2016-cı ildə Azərbaycan Respublikasının sədrliyi dövründə əməkdaşlıq proqramı və onun prioritet istiqamətləri barədə səfirə məlumat verib.
Tərəflər GUAM ölkələrində və region ətrafında vəziyyət, üzv ölkələrə və onların tərəfdaşlarına yeni əməkdaşlıq imkanları və perspektivləri açan yeni proses və təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Məsələn, Avropa ilə Çin arasında yüklərin tranziti üçün alternativ marşrut kimi GUAM-ın nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Baş katib Baltik Assambleyası çərçivəsində GUAM-la əməkdaşlıq etdiyinə, habelə qurumun üzvü olan ölkələrin Avropa İttifaqı ilə əməkdaşlığının inkişafını dəstəklədiyinə görə Litvaya təşəkkür edib.
Səfir Litvanın GUAM ölkələri ilə əməkdaşlığa əhəmiyyət verməsini qeyd edib və əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirib.
Tərəflər münasibətləri və məlumat mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev