İDMAN
Güləşçilər Əməkdar məşqçi Oktay Hüseynovun xatirəsini yad edəcəklər
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 11-də Bakı İdman Sarayında beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oktay Hüseynovun xatirəsinə həsr olunmuş kiçik yaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə açıq respublika turniri keçiriləcək. Yarışda iştirak üçün Gürcüstan və Türkiyə komandalarına dəvət göndərilib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, yarışda 29, 32, 35, 38, 42, 47, 53, 58, 66 və 73 kiloqram çəki dərəcələrində 2002-2003-cü il təvəllüdlü yeniyetmələr iştirak edəcəklər.
Yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq, yeniyetmə idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirmək və Vətənə məhəbbət hisslərini aşılamaq, həmçinin Oktay Hüseynovun xatirəsini yad etməkdir.
Fəxri kürsünün ilk üç pilləsində yer alacaq idmançılar diplom, medal, idman geyimi və pul mükafatı ilə təltif ediləcəklər.
Memorialın hazırlanmasına və keçirilməsinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Respublika Olimpiya İdman Liseyi rəhbərlik edir. Turnir Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında keçiriləcək və görüşləri Azərbaycan Güləş Federasiyasının təsdiq etdiyi hakimlər kollegiyası idarə edəcək.