Gülnar Qənbərova: Doğma Ağdama qayıtmaq qürurverici hissdir
Ağdam, 1 sentyabr, AZƏRTAC
Bu gün Ağdam şəhərinə növbəti köç karvanı ilə qayıdan sakinlər arasında Gülnar Qənbərova da var. O, uzun illərdən sonra həyat yoldaşı, oğlu və qızı ilə birlikdə doğma şəhərinə qayıdıb. Ailə Ağdam şəhərinin 2-ci yaşayış kompleksində üçotaqlı mənzillə təmin olunub.
Gülnar Qənbərova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 1993-cü ildə Ağdam şəhərinin işğalı zamanı 18 yaşında ikən doğma yurdunu tərk etməli olub. Köçkünlük illərində əvvəlcə Bərdədə, daha sonra Bakı şəhərinin Xəzər rayonunda yerləşən “Abşeron” sanatoriyasında məskunlaşıb.
Onun üçün Ağdamdan ayrıldığı gündən ötən illər yalnız təqvimdəki rəqəmlər deyil, həm də saysız-hesabsız xatirələr, itkilər və gözləntilərlə yadda qalıb. Birinci Qarabağ müharibəsində Gülnar Qənbərovanın bir qardaşı şəhid olub, digər qardaşı isə qazidir.
“Danışdıqca ötən illərdə yaşadıqlarımız, itirdiklərimiz, qazandıqlarımız göz önündə canlanır. Bu günə gəlib çatdığımız üçün çox xoşbəxtəm. Doğma yurda qayıtmaq qürurverici hissdir”, - deyə Gülnar Qənbərova bildirib.
Ağdama qayıdışın onun üçün həyatının ən əlamətdar günlərindən biri olduğunu deyən Gülnar Qənbərova bu tarixi reallaşdıran Prezidentə, Azərbaycan Ordusuna minnətdarlığını ifadə edib, şəhidlərin ruhuna rəhmət diləyib, qazilərə isə cansağlığı arzulayıb.
İllər sonra doğma şəhərinə ailəsi ilə birlikdə qayıdan Gülnar Qənbərova üçün Ağdam artıq yalnız keçmişin xatirəsi deyil, həm də ailəsi ilə birlikdə yeni həyat quracağı doğma məkandır.