Günnüt əməliyyatı Aprel döyüşlərindən sonra növbəti ən böyük uğurlarımızdan biridir – Şərh
Bakı, 22 may, Ayla Aktar, AZƏRTAC
Beş il bundan əvvəl mayın 20-də reallaşan Günnüt əməliyyatı bir sıra yüksəkliklərin, ərazilərin azad olunması baxımdan əhəmiyyətlidir. Belə ki, bu əməliyyatla Azərbaycan Ordusu yeddi gün ərzində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya, Qaraqaya dağlarını azad etdi. Bundan başqa, Dərələyəz mahalının Arpa kəndinin bir sıra mühüm strateji ərazilərinə nəzarət sayəsində gələcək əməliyyatlara ciddi töhfə vermiş oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında hərbi analitik, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri Alparslan İmamqulu deyib.
Bildirib ki, qısa müddət ərzində 11 hektar ərazinin azad olunması düşmənə ciddi mənəvi-psixoloji təsir göstərdi: “Çünki bu ərazilərdən artıq Azərbaycan Ordusu İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə müvəffəq oldu. Məhz bu nəzarət 2020-ci ildə Vətən müharibəsində düşmənin Naxçıvan Muxtar Respublikası istiqamətində təxribat törətməsinə imkan vermədi. Çünki düşmən fərqində idi ki, belə olacağı təqdirdə, tam olaraq mühasirəyə düşəcək.
Ümumilikdə Günnüt əməliyyatı Azərbaycan Ordusunun peşəkarlığını, döyüş əzmini göstərdi. Bu əməliyyat 2016-cı ildə baş vermiş Aprel döyüşlərindən sonra növbəti ən böyük uğurumuz idi. Çünki istər Aprel döyüşləri, istərsə də Günnüt əməliyyatı Vətən müharibəsində Zəfərimizə ciddi töhfə verdi”.