Günter Ottinger: Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaş hesab edir
Bakı, 1 iyun, AZƏRTAC
Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaş hesab edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger iyunun 1-də ADA Universitetindəki mühazirəsində deyib.
Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün Avropa İttifaqı üçün vacib olduğunu vurğulayan Günter Ottinger qeyd edib ki, hazırda Avropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq sazişi üzərində işləyir. Bu saziş 1999-cu ildə imzalanmış və indiyədək davam edən əməkdaşlıq və tərəfdaşlıq sazişini əvəzləyəcək. Saziş imzalandıqdan sonra Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr daha da inkişaf edəcək.
Komissar vurğulayıb ki, hazırda iqtisadiyyatın şaxələndirilməsi siyasətini həyata keçirən Azərbaycanın ticarət dövriyyəsinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Enerji gələn onilliklərdə də vacib rol oynayacaq. Lakin Azərbaycanın alternativ enerji sahəsində də böyük potensialı var.
Günter Ottinger Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi ilə Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini, ölkəmizin, həmçinin nəqliyyat mərkəzinə çevrilmək niyyətində olduğunu, Şərq-Qərb dəhlizinin inkişafında vacib tol oynadığını diqqətə çatdırıb.