ELM VƏ TƏHSİL
“GÜRCÜSTAN AZƏRBAYCANLILARININ ƏDƏBİ ƏNƏNƏLƏRİ”
Tbilisi Dövlət Pedaqoji Universitetinin və Tbilisi Humanitar Universitetinin müəllimi, filologiya elmləri namizədi, şair Şurəddin Məmmədli Borçalışünas alim kimi tanınmış və bu qədim diyarın keçmişi, habelə Gürcüstan azərbaycanlılarının tarixi, etnoqrafiyası, mədəni-sosial-iqtisadi həyatı haqqında bir sıra dəyərli tədqiqat əsərlərinin müəllifidir.
Alimin bu günlərdə Tbilisidəki “Azri” (Fikir”) nəşriyyatında gürcü dilində çapdan çıxan “Gürcüstan azərbaycanlılarının ədəbi ənənələri” adlı əsəri gürcü elmi ictimaiyyəti tərəfindən müsbət qarşılanmışdır. Məsələn, filologiya elmləri doktoru, professor Nodar Canaşia və tarix elmləri namizədi, dosent Otar Tabusadze yazlrlar: “Boynumuza almalıyıq ki, bizimlə eyni torpaqda, eyni günəş altında, eyni dərd-sərlə, eyni sevinclə güzaran keçirən yüz minlərlə azərbaycanlı əhalimizin mədəni, ədəbi ənənələri haqqında az məlumata malikik. Məhz bu əsər bizə həmin sahədə əhəmiyyətli məlumatlar verir. Diqqətəlayiqdir ki, Gürcüstan azərbaycanlılarının aşıq sənəti bütün türk aləmində ən öncül yer tutur ”.
Şurəddin Məmmədli əsərində türk dünyasının “Dədə Qorqud”, “Koroğlu”, “Aşıq Qərib” kimi dastanlarının Gürcüstanla, Gürcüstan azərbaycanlılarının folkloru ilə əlaqələri barədə faktları geniş işıqlandırır, XV1-XX əsrlərdə Gürcüstanda yaşamış və bu torpağı, gürcülərlə azərbaycanlıların poladdan möhkəm dostluğunu ilhamla tərənnüm etmiş onlarca azərbaycanlı şair və onların əsərləri haqqında maraqlı məlumat verir. Alim xatırladır ki, onlardan biri - bir çox şerlərin və “Şəhriyar” dastanının müəllifi olan Məhəmməd Sadıq Yadigaroğlu II İraklinin vəziri olmuş, Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu zamanı Borçalının igid süvarilərinə sərkərdəlık etmişdir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri