GÜRCÜSTAN SƏRHƏDÇİLƏRİNİN TUTDUQLARI İKİNCİ TÜRK GƏMİSİ DƏ AUKSİONDA SATILIB
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan sərhədçilərinin ötən ilin payızında beynəlxalq gəmiçilik qaydalarını pozduğuna görə tutduqları Türkiyənin “Emma” tankeri bu günlərdə Potidə təşkil olunmuş auksionda satılmışdır. Gəmini “Em-Ci-Es” məhdud məsuliyyətli cəmiyyətin baş direktoru Kaxa İçkitldze 142 min lariyə almışdır.
Tanker 1973-cü ildə istifadəyə verilmiş, onun uzunluğu 37 metrdir, 300 tonadək yanacaq tutur. Son iki ildə bu, Türkiyənin Gürcüstanın dəniz sərhədlərini pozduğuna görə tutulub auksionda satılan ikinci gəmisidir. Əvvəlki “Şəkil baba” gəmisi 140 min lariyə satılmışdır.