SİYASƏT
Gürcüstanda 8 şəhər merinin və 15 rayonun icra başçısının təkrar seçkisi keçiriləcəkdir
Tbilisi, 17 iyun (AZƏRTAC). Gürcüstan Mərkəzi Seçki Komissiyasından (MSK) verilən ilkin məlumata görə, ölkədə iyunun 15-də yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkilərdə 8 şəhərdə, o cümlədən Tbilisidə və 15 rayonda mer və icra başçısı vəzifəsinə namizədlər 50 faizlik maneəni dəf edə bilməmişlər. Buna görə də həmin seçki dairələrində təkrar seçkilərin iyulun əvvəllərində keçiriləcəyi ehtimal olunur.
Tbilisi şəhər meri seçkilərində “Gürcü arzusu” koalisiyasından namizəd David Narmania seçicilərin 46,12, sabiq hakim “Milli hərəkat” partiyasının namizədi Nikanor Melia isə 27,90 faizinin səsini qazanmışlar. Onlar ikinci turda qələbə uğrunda mübarizə aparacaqlar.
Soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayonunda icra başçısı vəzifəsinə seçkilərdə Qarsevan Nioradze, Bolnisi rayonunda Qoqi Meşveliani, Dmanisi rayonunda Qoqi Barbakadze, Tetrisxaro (Ağbulaq) rayonunda Besik Tsiklauri, Zalqa rayonunda İlya Sabadze qalib gəlmişlər. Marneuli rayonunda isə, xəbər verdiyimiz kimi, Merab Topçişvili seçicilərin etimadını qazanmışdır.
“Gürcü arzusu” koalisiyası seçki qərargahının rəhbəri Kaxa Kaladze təkrar turda 6 siyasi partiyanın qələbə uğrunda mübarizə aparacağını bildirmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi