Gürcüstanda azərbaycandilli ilk müstəqil uşaq teatrında “Meşə komediyası” pyesi əsasında tamaşa hazırlanıb
Tbilisi, 3 noyabr, AZƏRTAC
Gürcüstanın Qardabani rayonunda fəaliyyət göstərən “Beez Uşaq Teatrı” tanınmış gürcü klassiki Vaja Pşavelanın uşaqlar üçün yazdığı “Meşə komediyası” pyesi əsasında tamaşa hazırlayıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 2-də tamaşanın premyerası olub.
Qonaqlar arasında Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Qardabani bələdiyyəsinin meri, onun müavini, QHT nümayəndələri olub.
Balaca aktyorlar Zəhra Akif, Nuray Əhmədova, Seymur Muradov, Amil Həsənov, Rabia Əhmədova, Nuri Qurbanov, Əzəm Əfəndiyeva, İslam Akif, Necati Əliyev, Milana Əliyeva, Onur Muradov, Samir Əzizov və Məryəm Əliyevanın məharətli çıxışları izləyicilər tərəfindən maraqla qarşılanıb.
Tamaşanın rejissoru teatrın bədii rəhbəri Binəli İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur Ənvərdir.
Pandemiya şərtlərinə görə tamaşaya məhdud sayda insan dəvət edilib. Buna baxmayaraq tamaşaya böyük maraq olub.
Bildirilib ki, Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin elan etdiyi “Uşaqlar və yeniyetmələrin özəl yaradıcılıq studiyalarına dəstək” müsabiqəsində “Beez Uşaq Teatrı” da qalib olub.
Nazirliyin “Səhnədən inteqrasiya” layihəsi əsasında hazırlanan tamaşa Rustavi, Marneuli və Bolnisi bələdiyyələrində də nümayiş
etdiriləcək.
Qeyd edək ki, “Beez Uşaq Teatrı” Gürcüstanda azərbaycandilli ilk müstəqil uşaq teatrıdır. Qardabanidə fəaliyyət göstərən teatrın məqsədi uşaq və yeniyetmələrdə teatra, musiqiyə, rəssamlığa və incəsənətin digər növlərinə maraq oyatmaq, kadr yetişdirmək, gürcü və Azərbaycan mədəniyyətlərini təbliğ etmək və mədəni inteqrasiyaya dəstək göstərməkdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi