Gürcüstanda İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən altı nəfər saxlanılıb
Tbilisi, 17 may, AZƏRTAC
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla mübarizə mərkəzinin keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində “İslam Dövləti” (İŞİD) terror təşkilatının bir neçə üzvü həbs edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.
Bildirilir ki, antiterror əməliyyatı eyni vaxtda dörd yerdə keçirilib və İŞİD üzvü olmaqda şübhəli bilinən 6 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
DTX Terrorla mübarizə mərkəzinin, Gürcüstan Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi tədbirlər nəticəsində əldə edilmiş sübutlara əsasən məlum olub ki, “İslam Dövləti” terror təşkilatı və onun tabeliyindəki qruplar bir neçə ölkədə müxtəlif terror fəaliyyətləri planlaşdırıblar. İstintaq tədbirləri nəticəsində terror təşkilatının rəmzləri, elektron məlumat daşıyan qurğular, döyüş sursatı, partlayıcı maddələr və istintaq üçün vacib olan müxtəlif sübutlar aşkar edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 328-ci və 236-cı maddələri ilə araşdırma aparılır.
Sözügedən araşdırmalar çərçivəsində əldə edilmiş sübutlar əsasında xarici dövlətlərin ərazisində müəyyən terror fəaliyyətləri müəyyən olunub və artan təhlükə nəzərə alınaraq operativ şəkildə tərəfdaş ölkələrə məlumat verilib.
Qeyd edək ki, eyni iş çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya idarəsinin müvəqqəti yaşayış məntəqəsinə yerləşdirilən bir nəfər xarici ölkə vətəndaşı barəsində də cinayət işi başlanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi