Gürcüstanda Müstəqillik Günü qeyd olunur
Tbilisi, 26 may, AZƏRTAC
Mayın 26-da Gürcüstanda Müstəqillik Günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Müstəqilik Gününün 107-ci ildönümü ilə əlaqədar paytaxt Tbilisi ilə yanaşı, ölkənin müxtəlif şəhərlərində bayram tədbirləri keçirilir. Tədbirlər ənənəvi olaraq Tbilisidəki Azadlıq meydanında hərbi xidmətə çağırılan əsgərlərin andiçmə mərasimi ilə başlanıb. Andiçmə mərasimi ölkənin müxtəlif yerlərində də keçirilib. Mərasimdə ölkə rəsmiləri, diplomatik korpusun təmsilçiləri, eləcə də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və hərbi attaşe aparatının rəhbəri vəzifəsini icra edən polkovnik Kamil Əfəndiyev iştirak ediblər.
Azadlıq meydanında hərbi texnika nümayiş etdirilib. Həmçinin Tbilisinin Rustaveli prospektində və insanların daha çox toplaşdığı meydanlarda şərab sərgisi təşkil olunub. Qonaqlar idman yarışlarına baxıb, kulinariya məhsulları və uşaq guşələri ilə tanış olublar.
Bayram münasibətilə qala-konsert təşkil olunub.
Bayram tədbirlərində bu ölkədə yaşayan azərbaycanlıların musiqi və rəqs qrupları da çıxış edib. Onlar Azərbaycan xalq və bəstəkar mahnılarını, milli rəqslərimizi ifa ediblər.
Xatırladaq ki, 107 il öncə - 1918-ci ilin mayın 26-da Milli Şuranın qərarı ilə Gürcüstan müstəqil respublika elan olunub. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika bolşevik işğalınadək - iki il yarım mövcud olub. Həmin dövrdə Gürcüstanın müstəqilliyi Avropanın aparıcı ölkələri tərəfindən tanınıb.
Qonşu ölkə dövlət müstəqilliyini 70 ildən sonra - 1991-ci il aprelin 9-da bərpa edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi