ELM VƏ TƏHSİL
GÜRCÜSTANDAKI AZƏRBAYCAN MƏKTƏBLƏRİNƏ YARDIMI DAVAM EDİR
Dmanisi rayonundakı Yırğançay kəndi dörd tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdur. O, çoxdan unudulmuş bir oba idi. Kəndə Ermənistandan verilən elektrik işığı da kəsilmişdi. Yol çox bərbad olduğundan buraya gedib-gəlmək də çətinləşmişdi. Camaatın imkansızlığı uzündən işıq və yol problemlərini həll etmək mümkün deyildi. Buna görə də ağsaqqallar yardım üçün Azərbaycan Prezidenti Heydər Əliyevə xahişlə müraciət etmişdilər. Cavabı çox gözləmək lazım gəlmədi.
Dövlətimizin başçısının tapşırığı ilə Şəmkir rayon rəhbərliyinin nümayəndələri bu yaxınlarda kəndə gələrək, vəziyyətlə yerində tanış oldular, görüləcək işləri müəyyənləşdirdilər. Tezliklə rayon mərkəzindən Yırğançaya təzə elektrik xətti çəkildi. Şəmkirlilər kəndə gələn yolun təmiri üçün yaxın vaxtlarda yardım göstərəcəklərinə söz verdilər.
Prezident Heydər Əliyevin Yırğançay sakinlərinə bu qayğısı ilə əlaqədar kənddəki mədəniyyət evində təntənəli mərasim keçirildi. Dmanisi rayon icra hakimiyyətinin nümayəndəsi Bahadur Mustafayev tədbir iştirakçılarını salamlayaraq, Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Həsən İsmayılova çıxış üçün söz verdi. O, buraya rayon rəhbərliyinin tapşırığı ilə gəldiyini bildirdi və V-X1-ci siniflər üçün gətirdiyi dərslikləri və təmir üçün maddi yardımı məktəbin direktoruna təqdim etdi.
Məktəbin direktoru Aslan İlyasoğlu yırğançaylıların xahişinə cavab olaraq onlara yardım göstərildiyinə, məktəbə dərsliklər göndərildiyinə görə Prezident Heydər Əliyevə və Şəmkir rayon rəhbərliyinə kənd sakinləri və müəllim-şagird kollektivi adından təşəkkür etdi.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Dmanisi rayonu, Yırğançay kəndi