GÜRCÜSTANDAKI SOYDAŞLARIMIZIN PROBLEMLƏRİ ÖYRƏNİLİR
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirləri Valeh Hacıyev və Səbuhi Rüstəmov Gürcüstandakı soydaşlarımızın problemləri ilə yaxından tanış olmaq üçün 10 gün idi ki, qonşu ölkədə idilər.
Onlar əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edən Marneuli, Qardabani, Bolnisi, Dmanisi rayonlarında, habelə Tbilisi və Rustavi şəhərlərində olmuş, soydaşlarımızın müxtəlif cəmiyyət və birliklərində görüşlər keçirmişlər. Bu görüşlərdə gürcüstanlı soydaşlarımızı narahat edən problemlərdən açıq söhbət getmiş, onların həlli yolları müzakirə edilmiş, azərbaycanlıların təmsil olunduqları cəmiyyət və birlikləri arasında sıx əlaqə yaradılmasının zəruriliyi vurğulanmışdır. Qardabani rayonunun Candar kəndində bu yaxınlarda bir neçə soydaşımıza qarşı törədilmiş cinayət əməli rayon mərkəzində keçirilən görüşdə çox ciddi şəkildə müzakirə edilmiş, qədimdən mehriban qonşu və dost ölkələr olan Gürcüstanla Azərbaycanın arasını vurmağa can atan məkrli qüvvələrin fitnələrinə uymamağın labüdlüyü nəzərə çarpdırılmışdır.
Komitənin nümayəndələri səfərin sonuncu günü yenidən Marneuli şəhərinə gələrək daha bir görüş keçirmişlər. Valeh Hacıyev görüşdə çıxış edərək, Azərbaycan Prezidenti Heydər Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın öz doğma və tarixi vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların firavan yaşamaları, problemlərinin həlli, övladlarının təhsil almaları, Azərbaycanı layiqincə təmsil etmələri üçün göstərdiyi səylərdən danışmışdır. O, Gürcüstandakı soydaşlarımızı məhz dövlətimizin başçısının təşəbbüsü və qayğısı sayəsində yaradılan Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə daim sıx əlaqə saxlamağa çağırmışdır.
Görüşdə çıxış edən Gürcüstan Azərbaycanlıları Birliyinin sədri Novruz Bayramov, “Qeyrət” xalq hərəkatının sədri Əlibala Əsgərov, “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Süleymanov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və başqaları dövlətimizin başçısının belə bir komitə yaratmasını bütün dünya azərbaycanlılarına atalıq qayğısı kimi qiymətləndirmiş, soydaşlarımızın problemləri ilə bağlı mülahizələrini söyləmişlər.
Şahismayıl MƏMMƏDOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi