Gürcüstanın Dövlət Satınalmaları Agentliyi ilə əməkdaşlıq imkanları müzakirə olunub
Bakı, 20 aprel, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Tbilisi şəhərində dövlət satınalmalarına həsr olunan seminarda iştirak ediblər.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, Gürcüstanın Dövlət Satınalmaları Agentliyinin dəvəti ilə qurumun nümayəndə heyəti Gürcüstana səfər edib. Səfər çərçivəsində Dövlət Xidmətinin nümayəndələri “Gürcüstanda davamlı dövlət satınalmaları konsepsiyasının tətbiqi: tətbiq alətləri, icra çətinlikləri və ən yaxşı beynəlxalq təcrübələr” mövzusunda seminara qatılıb.
ABŞ-ın Ticarət Departamenti Kommersiya Hüququnun İnkişafı Proqramı çərçivəsində təşkil olunan seminar aprelin 19-20-si tarixlərini əhatə edir.
Səfər zamanı, həmçinin Dövlət Xidməti əməkdaşlarının Gürcüstandan olan həmkarları ilə ikitərəfli görüşü keçirilib, Gürcüstanın Dövlət Satınalmaları Agentliyi ilə dövlət satınalmaları üzrə əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.