GÜRCÜSTANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze qəbulda çıxış edərək, ölkəsinin 1991-ci ildə qazandığı müstəqilliyin əhəmiyyətindən danışmışdır. O, ötən müddət ərzində Gürcüstanın vətəndaş müharibəsinə, terrora, separatizmə məruz qaldığını bildirmiş və demişdir ki, hazırda ölkəmiz üçün ən vacib məsələ ərazi bütövlüyümüzün bərpasıdır.
Gürcüstan dövlət müstəqilliyini möhkəmləndirir, iqtisadiyyatını inkişaf etdirir, azad və demokratik cəmiyyət qurur. Bu proseslərdə Gürcüstanın Azərbaycanla əməkdaşlığının xüsusi roluna toxunan səfir, xalqlarımızın qədim dostluq ənənələrinə malik olduğunu vurğulamışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin müəllifi olduğu iri enerji layihələri əməkdaşlığımızın ən parlaq nümunələridir.
Z.Qumberidze prezidentlər Mixail Saakaşvilinin və İlham Əliyevin ölkələrimiz və xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə xüsusi diqqət yetirdiklərini söyləmişdir.
Diplomat 28 May – Respublika günü münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik etmişdir.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov əlamətdar gün münasibətilə Gürcüstan xalqını təbrik etmişdir.
Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini xatırladan V.Ələsgərov, xalqlarımızın qədim dostluq münasibətlərini diqqətə çatdırmışdır. Ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr daha da möhkəmlənmişdir.
O, regional əhəmiyyətli layihələrin həyata keçirilməsində dövlətlərimizin əməkdaşlığının əhəmiyyətini vurğulamışdır. Azərbaycan kimi dostu olan Gürcüstan əmin ola bilər ki, bizim inkişafımız Gürcüstanın inkişafıdır.
Qəbulda Milli Məclisin deputatları, nazirlər, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri və digər rəsmi şəxslər, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.