HACIQABUL MƏRKƏZİ RAYON XƏSTƏXANASI TAMAMİLƏ YENİDƏN QURULMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Uşaq Tibb Mərkəzinin təməlqoyma mərasimi başa çatdıqdan sonra Hacıqabul mərkəzi rayon xəstəxanası ilə tanış olmuşdur.
Uzun müddət tikintisi yarımçıq qalmış, tamamilə yararsız hala düşmüş bu xəstəxana binası məhz Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə yenidən qurulmuş, ən müasir avadanlıq və tibbi ləvazimatla təchiz edilmişdir.
Dövlətimizin başçısına burada aparılan yenidənqurma işləri və əhaliyə göstərilən yüksək tibbi xidmət barədə məlumat verildi. Bildirildi ki, iki mərtəbədən ibarət xəstəxana 50 çarpayılıqdır və bunun 35-i cərrahiyyə şöbəsinə, 15-i isə doğum şöbəsinə aiddir. Burada 150 həkim və tibb bacısı işləyir. Bu səhiyyə ocağı əsaslı təmirdən sonra 2007-ci ilin aprelindən fəaliyyətə başlamışdır. Burada poliklinika da fəaliyyət göstərir, İtaliya və digər ölkələrin istehsalı olan stomatoloji, ultrasəs müayinəsi, kardioqraf, süni tənəffüs və digər müasir aparatlar quraşdırılmışdır.
Prezident İlham Əliyev ayrı-ayrı şöbələrə, kabinet və otaqlara baxdı, avadanlıqla tanış oldu, görülən işlərdən, yaradılan şəraitdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.