HACIQABUL RAYON QIZILBURUN KƏND ORTA MƏKTƏBİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də Hacıqabul rayonunun Qızılburun kənd orta məktəbində olmuşdur.
Dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı məktəbin veteran müəllimləri hörmətlə qarşıladılar.
Prezident İlham Əliyevə məlumat verildi ki, 1932-ci ildə 7 illik məktəb kimi fəaliyyətə başlayan bu təhsil ocağı 1932-ci - 1968-ci illərdə kərpicdən tikilmiş binada, 1968-ci - 2006-cı illərdə isə neft kəşfiyyatçıları üçün yataqxana məqsədi ilə inşa olunmuş taxta binada fəaliyyət göstərmişdir. 2006-cı ildə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində 240
şagird yeri olan müasir məktəb binası tikilmişdir. Məktəb zəruri avadanlıqla və kompyuterlə təchiz edilmişdir.
Bildirildi ki, Qızılburun kənd məktəbi 1991-ci ilə qədər əsas məktəb kimi fəaliyyət göstərmiş, 1992-ci ildən orta məktəbə çevrilmişdir. Hazırda məktəbdə 216 şagird oxuyur və onların təlim-tərbiyəsi ilə 19 müəllim məşğul olur. Məktəbin yetirmələri arasında 4 elmlər doktoru, 6 elmlər namizədi vardır.
Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına, kompyuter zalına baxdı və görülən işlərin müasir standartlara cavab verdiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı gənc nəslin yüksək səviyyədə təhsil alması üçün bundan sonra da lazımi şəraitin yaradılacağını bildirdi və kollektivə uğurlar arzuladı.