HACIQABUL RAYON UŞAQ TİBB MƏRKƏZİNİN TƏMƏLİ QOYULMUŞDUR

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də Hacıqabul Rayon Uşaq Tibb Mərkəzinin təməlqoyma mərasimində iştirak etdi.
Dövlətimizin başçısını buraya toplaşan səhiyyə işçiləri, ictimaiyyətin nümayəndələri böyük hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladılar.
Uşaq xəstəliklərinin qarşısının alınması, profilaktikası məqsədi ilə tikilən mərkəzin baş planı ilə tanış olan Prezidentə məlumat verildi ki, rayonun 63 min nəfər əhalisinin 23 mini 14 yaşadək uşaqlardır. Bu gün təməli qoyulan ikimərtəbəli tibb müəssisəsi əsas korpusdan, yardımçı binadan, qazanxanadan ibarət olacaq və müasir avadanlıqla təchiz ediləcəkdir. Mərkəz üçün 4800 kvadratmetr torpaq sahəsi ayrılmışdır və onun 1200 kvadratmetrində tikinti işləri həyata keçiriləcəkdir. İnşaat işləri bir il müddətinə başa çatdırılacaqdır. Burada 17 həkim, 33 orta tibb işçisi çalışacaqdır. Uşaq Tibb Mərkəzində müalicə və yardımçı işlər üzrə 26 kabinet və otaqlar olacaqdır. Ümumiyyətlə, MDB məkanında bu cür mərkəz ilk dəfə respublikamızda fəaliyyət göstərəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev gilizi binanın təməlinə qoydu və beton qarışığı tökdü, inşaatçılara uğurlar arzuladı.
Sonra bu münasibətlə təntənəli mərasim keçirildi.
Mərasimi Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov açdı.