İDMAN
Halqa və top ilə hərəkətlərdə dünya kubokunun qalib və mükafatçıları müəyyənləşib
Bakı, 28 aprel, L.Qurbanova, G.Mahmudlu, AZƏRTAC
Aprelin 28-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində halqa və top ilə hərəkətlərdə qalib və mükafatçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan gimnastı Zöhrə Ağamirova finalda halqa ilə hərəkətlərdə 16,850 xal toplayıb. Təmsilçimiz bu nəticə ilə səkkizinci yeri tutub.
Halqa ilə hərəkətlərdə rusiyalı gimnast Dina Averina (22,000 xal) qızıl medal qazanıb. İspaniyalı Linay Aşram (21,850 xal) gümüş, amerikalı Laura Zenq (20,350 xal) bürünc medala sahib olublar.
Linay Aşram topla hərəkətlərdə isə 21,750 xal toplayaraq dünya kubokunun qalibi olub. Dina Averina (21,100 xal) ikinci, Belarus təmsilçisi Katerina Qalkina (20,500 xal) üçüncü yerə layiq görülüblər.
Final yarışları davam edir.
Ötən gün keçirilən çoxnövçülük yarışlarında fərdi proqramda ilk üçlükdə Dina Averina, Arina Averina (Rusiya) və Vlada Nikolçenko (Ukrayna) qərarlaşıblar. Qrup hərəkətləri proqramında isə Yaponiya millisi qızıl, Rusiya yığması gümüş, Bolqarıstan təmsilçiləri isə bürünc medallara sahib olublar.