Haqsız rəqabət hallarının qarşısı alınır
Bakı, 12 iyul (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Rauf Novruzova məxsus istehsalat sahəsində yoxlama aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir.
Müayinələr nəticəsində müəssisədə istehsal edilən düşes limonadlarının etiketində məhsulun istehsalında şəkər tozundan istifadə olunmasının göstərildiyi halda, məhsulun şəkər əvəzləyicisindən hazırlandığı aşkar edilmişdir.
İstehsal olunan məhsulların markalanmasında istehlakçıların çaşdırılmasına səbəb olan məlumatlardan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə Rauf Novruzov barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.