Hasan Oktay: Azərbaycan coğrafi imkanlarından istifadə etməklə regional təsirini daha da artıra bilər
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində son illər yeni mərhələ başlayıb. Bakı artıq yalnız Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən keçid məntəqəsi kimi deyil, nəqliyyat, enerji, investisiya və ticarət əlaqələrinin formalaşdığı mühüm regional mərkəz kimi çıxış edir. Bu prosesdə Orta Dəhliz, Xəzər dənizi, enerji əməkdaşlığı və Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələri xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk politoloq Hasan Oktay deyib.
Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiyadakı rolunu artıq yalnız “regiona açılan qapı” ifadəsi ilə izah etmək kifayət deyil. Azərbaycan tədricən Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında əlaqələri təmin edən mərkəz ölkəyə çevrilir. Nəqliyyat, limanlar, logistika, enerji, ticarət, investisiya və rəqəmsal texnologiyalar üzrə yeni iqtisadi əlaqələr formalaşır. Orta Dəhlizə də yalnız bir nəqliyyat marşrutu kimi yanaşmaq düzgün deyil. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxaıq Ticarər limanı, Xəzər üzərindən keçidlər və Türkiyə ilə bağlantı birlikdə Azərbaycanın Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında mühüm rol oynamasına imkan verir.
Hasan Oktay Azərbaycanın Mərkəzi Asiyadakı rolunun enerji sahəsində genişlənə biləcəyini düşünür. Azərbaycanın öz enerji resursları ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin enerji ehtiyatlarının Xəzər üzərindən Qərb bazarlarına çatdırılması yeni imkanlar yaradır. Xüsusilə Türkmənistan və Qazaxıstanla enerji əməkdaşlığının genişləndirilməsi Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də enerji tranziti və paylanmasında mühüm mərkəzlərdən birinə çevrilməsinə imkan verə bilər. Azərbaycanın qarşısında daha böyük vəzifə dayanır. Bu da Mərkəzi Asiya ölkələri ilə yalnız yük daşımaları və tranzit sahəsində deyil, birbaşa investisiya və istehsal sahələrində də əməkdaşlığı genişləndirməkdir.
Politoloq Azərbaycanın ŞƏT çərçivəsində rolunun getdikcə əhəmiyyət qazandığını bildirib. “Azərbaycan həm ŞƏT, həm də Türk Dövlətləri Təşkilatı baxımından mühüm coğrafi mövqeyə malikdir. Bakı bu iki platformadakı imkanlarını bir-biri ilə əlaqələndirməklə regional təsirini daha da artıra bilər. Qazaxıstan və Türkmənistanla Azərbaycan arasında dəniz daşımalarının inkişaf etdirilməsi Mərkəzi Asiya ölkələrinin Avropaya çıxış imkanlarını genişləndirə və nəqliyyat marşrutlarını şaxələndirə bilər. Gələcəkdə Xəzərin altından nəqliyyat bağlantısının yaradılması imkanları da ciddi şəkildə araşdırılmalıdır. Bu məsələ həm TDT, həm də ŞƏT çərçivəsində uzunmüddətli regional bağlantı strategiyasının bir hissəsinə çevrilə bilər”, deyə Hasan Oktay əlavə edib.
Müxbir - Səbinə Əlizadə