Hatayda “Azərbaycan incəsənəti həftəsi” çərçivəsində tədbirlər təşkil olunub
Ankara, 21 May, AZƏRTAC
Azərbaycanın Müstəqillik Günü münasibətilə Türkiyədəki səfirliyimiz və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Hatay şəhərində “Azərbaycan incəsənəti həftəsi” çərçivəsində bir sıra layihələr həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Hatay Mustafa Kamal Atatürk Universitetində keçirilən “Dünəndən bu günə Türkiyə–Azərbaycan əlaqələri” tədbirində universitetin rektoru professor Veysel Eren, Azərbaycan səfirliyinin müşaviri Füzuli Məcidli, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və universitetin dekanı professor Şenol Adıgüzel çıxış edərək Türkiyə–Azərbaycan dostluğunun sarsılmaz təməllər üzərində dayandığını, iki ölkə arasında dostluq - qardaşlıq, mədəni və elmi əlaqələrin hər keçən gün daha da gücləndiyini vurğulayıblar.
Çıxışlarda Hatayda keçirilən Azərbaycan incəsənətinə həsr olunmuş tədbirlərin xalqlar arasında mədəni körpülərin möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunaraq, bu cür birgə layihələrin gələcək nəsillərə ortaq mədəni irsin ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Daha sonra mövzu üzrə keçirilən akademik paneldə iki ölkə arasındakı strateji müttəfiqlik, tarixi və mədəni əlaqələr geniş şəkildə müzakirə olunub.
Paneldə Azərbaycan və Türkiyədən olan ziyalılar, mütəxəssislər çıxış ediblər.
Azərbaycan səfirliyinin müşaviri Füzuli Məcidli, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Ankara Sosial Elmlər Universitetinin müəllimi Qiyas Şüküroğlu və Karabük Universitetinin professoru Əli Əsgər Azərbaycan-Türkiyə əlaqələri, strateji müttəfiqliyi, tarixi və mədəni aspektlərinə dair məruzələrlə çıxış ediblər.
Daha sonra Mustafa Kamal Atatürk Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin müəllim və tələbələri mövzu üzrə suallarla çıxış edib və paneldə onların sualları cavablandırılıb.
Tədbirdə iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.
Tədbir çərçivəsində universitet kitabxanasında Azərbaycan bölümünün açılışı olub. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan tarixi və mədəniyyətinə dair 100 kitab kitabxanaya hədiyyə edilib.
“Azərbaycan incəsənəti həftəsi” çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqram təqdim olunub.
Bədii hissədə Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı tərəfindən milli rəqslərimiz təqdim olunub.
Azərbaycanlı sənətçilər Vüsalə Məryəm Alıcı, opera müğənnisi Fidan Hüseynova milli musiqi nümunələri ilə çıxış edib, universitetin gənclərdən ibarət “Zeybək” Rəqs Qrupu ənənəvi xalq rəqslərini təqdim edib.