CƏMİYYƏT
Havaya normadan çox tullantı atan bəzi iaşə obyektlərinə xəbərdarlıq edilib
Bakı, 18 fevral, AZƏRTAC
Havaya normadan çox tullantı atan bəzi iaşə obyektlərinə xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bəzi iaşə obyektlərindən və şadlıq saraylarından axşam saatlarında yenə havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı şikayətlər daxil olub.
Mütəxəssislərimiz tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb və məlum olub ki, paytaxtın Nizami və Xətai rayonlarında fəaliyyət göstərən bəzi şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atılır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Ramal Bağırov bildirib.
“Restoranlarda təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında qulluq edilmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Buna görə də obyekt sahiblərinə xəbərdarlıqlar olunub ki, filtrləri vaxtında dəyişsinlər, havaya atılmaların qarşısını alsınlar və sakinlərə diskomfort yaratmasınlar”, - deyə R.Bağırov diqqətə çatdırıb.