Hazırda Lənkəran rayonunda müxtəlif sahələrdə 355 nəfər dövlət qulluqçusu çalışır
Lənkəran, 23 iyun (AZƏRTAC). İyunun 23-də Lənkəranda dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Toplantıda çıxış edənlər rayonun dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, 2000-ci ildə qəbul edilən “Dövlət qulluğu haqqında” Qanunun ölkəmizdə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının hüquq və vəzifələrinin müəyyənləşdirdiyini bildirmişlər. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, 23 iyunun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilməsinin bu şərəfli sahədə çalışanların məsuliyyətini daha da artırdığı diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, hazırda Lənkəran rayonunda müxtəlif sahələrdə 355 nəfər dövlət qulluqçusu çalışır. Dövlət qulluqçularından bir nəfəri dövlət qulluğu müşaviri, bir nəfəri dövlət qulluğunun kiçik müşaviri, 10 nəfəri birinci dərəcəli, 17 nəfəri ikinci dərəcəli, digərləri isə üçüncü dərəcəli, kiçik dövlət qulluqçusu və dövlət qulluğunun kiçik referentləridir.
Bildirilmişdir ki, kadrlarla aparılan davamlı iş sayəsində son illər rayonda 80 nəfərə qədər mütəxəssis müxtəlif sahələrdə dövlət qulluğuna qəbul edilmişdir.
Toplantıda çıxış edənlər dövlət qulluğunda çalışanların rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal mövqe tutduqlarını vurğulayaraq onlara ən xoş arzularını çatdırmışlar.
Tədbirin sonunda dövlət qulluğunda fərqlənənlərin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.