Həyata keçirilən sosial-iqtisadi layihələr Naxçıvanın inkişafında yeni mərhələ formalaşdırıb ŞƏRH
Bakı, 13 avqust, AZƏRTAC
Son 22 ildə Naxçıvanın inkişafı bölgənin potensialı, reallıqları və məşğulluq ənənələri nəzərə alınmaqla hazırlanan proqramlar əsasında təmin edilib. Prezident İlham Əliyev də Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bu illər ərzində bir çox önəmli layihələrin icra olunduğunu və Naxçıvanın ümumi inkişafının təmin edildiyini xüsusi vurğulayıb. Bu illər ərzində reallaşdırılan layihələr Naxçıvanın simasının əhəmiyyətli dərəcədə dəyişməsinə, iqtisadi imkanlarının genişlənməsinə və əhalinin həyat şəraitinin yaxşılaşmasına səbəb olub. Görülən işlər nəticəsində muxtar respublikada infrastruktur və enerji təchizatı yaxşılaşıb, müasir yollar inşa edilib, sosial təyinatlı obyektlər yaradılıb, yeni müəssisələr fəaliyyətə başlayıb və iş yerləri açılıb. Sənaye və sahibkarlığın inkişafı da bu prosesin mühüm istiqamətlərindəndir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.
O bildirib ki, əvvəlki dövrdə görülmüş işlər Naxçıvanın yeni strateji mərhələdə inkişafı üçün möhkəm baza yaradıb. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi də bu baxımdan mühüm addımdır. Davamlı iqtisadi artımın təmin edilməsini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını və muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyasını hədəfləyən Dövlət Proqramında prioritet istiqamətlər müəyyənləşdirilib. Həmin istiqamətlərə əlverişli biznes mühitinin yaradılması, ticarətin inkişafı, ixracyönümlü sənayenin, turizmin inkişafı və s. daxildir.
Yeni Dövlət Proqramında qarşıya qoyulan məqsədlərə çatmaq üçün Son üç ildə muxtar respublikada sosial-iqtisadi inkişaf üzrə genişmiqyaslı işlər görülür. Dövlətin maliyyə dəstəyi, Sahibkarlığın İnkişafı Fondunun kredit vəsaiti və özəl investisiya qoyuluşu hesabına 2023-cü ildən 2026-cı il iyulun 1-dək muxtar respublikada ümumilikdə 359 istehsal və xidmət sahəsinin yaradılması başa çatdırılıb. İqtisadi potensialın daha da gücləndirilməsi məqsədilə 2024-cü il dekabrın 5-də imzalanmış Fərmanla Naxçıvan Sənaye Parkı yaradılıb. Özəl təşəbbüslərin təşviqi, sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması Naxçıvanda yeni iqtisadi inkişaf modelinin mühüm istiqamətlərindəndir.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı verilən mühüm mesajlardan biri də Zəngəzur dəhlizi ilə bağlı idi. Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində bu istiqamətdə görülən işlərdən danışdı və dəmir yolunun Naxçıvan hissəsində ediləcək yeniliklərin əhəmiyyətini vurğuladı. Bu işlər sayəsində Naxçıvanın nəqliyyat-logistika qovşağı kimi mövqeyinin güclənməsi və Orta Dəhliz çərçivəsində əhəmiyyətinin artması gözlənilir. Eyni zamanda, beynəlxalq qurumların Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə böyük maraq göstərməsi də diqqətçəkən məqamlardandır.
“Son illərdə həyata keçirilən sosial-iqtisadi layihələr, sahibkarlığın və sənayenin inkişafına verilən dəstək, enerji təminatının yaxşılaşdırılması və nəqliyyat infrastrukturunun yenilənməsi Naxçıvanın inkişafında yeni mərhələ formalaşdırıb. Qarşıdakı dövrdə nəzərdə tutulan layihələrin icrası isə muxtar respublikanın iqtisadi potensialının daha dolğun reallaşdırılmasına, regional nəqliyyat əlaqələrinin genişlənməsinə və onun Azərbaycanın ümumi geoiqtisadi strategiyasında daha mühüm mövqe tutmasına imkan verəcək”, - deyə P.Kərimzadə vurğulayıb.