“Heydər Əliyev İli” çərçivəsində poeziya axşamı: “Sözün də su kimi lətafəti var”
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə bu ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq, Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyi ilə birgə “Sözün də su kimi lətafəti var” mövzusunda poeziya axşamı keçirilib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qurumun sədr müavini Seymur Seyidov ölkəmizin su təsərrüfatı sektorunun inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycanda su təsərrüfatı sektorunda həyata keçirilən irimiqyaslı layihələrin böyük bir hissəsi Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə həyata keçirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə içməli su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoyub. Bakı şəhəri və ətraf qəsəbələrdə, həmçinin regionlarda içməli və tullantı su sistemlərinin yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilir.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib: “Tədbirin baharın ilk müjdəçisi olan Su çərşənbəsində keçirilməsi təsadüfi deyil: “Ümummilli Lider Heydər Əliyev ölkəmizin su sektorunun inkişafında böyük işlər görüb. Mədəniyyət və incəsənəti xalqın böyük sərvəti hesab edən Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illərdə digər sahələr kimi Azərbaycan mədəniyyəti də özünün intibah dövrünü yaşayıb”.
Poeziya axşamında çıxış edən Xalq şairi Vahid Əziz, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, BDU-nun professoru Ramiz Əsgər və digər qonaqlar Ulu Öndər Heydər Əliyevin su təsərrüfatına və ədəbiyyata göstərdiyi qayğıdan, suyun əhəmiyyətindən, ədəbiyyat və incəsənət əsərlərində su mövzusuna geniş yer verildiyindən danışıb, Milli Konservatoriyanın professoru Fəxrəddin Salimin sazda ifaları səslənib.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub.