“Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” - seminar
Bakı, 12 may, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin və Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” mövzusunda seminar keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini yad edib, YAP Nizami rayon təşkilatının inzibati binasında yerləşən büstü önünə gül dəstələri qoyublar.
Azərbaycan Dövlət Himni səsləndikdən sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ulu Öndərin mənalı ömür yolu və ictimai-siyasi fəaliyyəti mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu başlıca tələbi məhz təhsillə bağlı idi: “Dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Buna görə də Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər”.
Nazir müavini vurğulayıb ki, Ulu Öndərin ölkəmizdə apardığı məqsədyönlü siyasətin mərkəzində dayanan əsas məsələlərdən biri də Azərbaycan Respublikası vətəndaşının ictimai-siyasi sabitliyin qorunub saxlandığı bir ölkədə yaşamasının təmin edilməsi olub. Dahi şəxsiyyət tərəfindən atılan qətiyyətli addımlar və görülən təxirəsalınmaz tədbirlər nəticəsində mühüm uğurlar əldə edilib, xalqın siyasi və ictimai asayişinin qorunduğu bir respublikada təhlükəsiz yaşamağı təmin olunub.