Heyvan idxal edən sahibkarlara identifikasiya işləri barədə məlumat verilib
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikamıza xarici ölkələrdən iri və xırdabuynuzlu heyvan idxal edən sahibkarlarla görüş olub.
Görüşdə AQTA sədrinin müavinləri Balarəhim Quliyev, Əziz Şərifov, agentliyin şöbə müdirləri və sahibkarlar iştirak edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir respublikamıza xarici ölkələrdən iri və xırdabuynuzlu heyvanların idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər, o cümlədən heyvanların identifikasiyası işləri barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Görüşdə qida təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər, o cümlədən bu işdə müstəsna əhəmiyyətə malik olan Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu sistem heyvan xəstəliklərinin aşkarlanması və onlarla mübarizənin təşkili, habelə heyvan mənşəli məhsulların qida zənciri boyu izlənilməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan xarici ölkələrdən respublikamıza gətirilən iri və xırdabuynuzlu heyvanların identikləşdirilməsinin zəruri olduğu sahibkarların diqqətinə çatdırılıb.
Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.