Hikmət Babaoğlu: Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu artmaqdadır
Bakı, 26 may, AZƏRTAC
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu ardıcıl olaraq artmaqdadır. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqaz kimi mürəkkəb və çətin bir regionda ümumi maraqlara xidmət edən nadir tərəfdaşlıq platformaları yarada bilib. Bu isə ölkəmizin strateji məsələlərdə rolunu daha da artırır. Diqqət etsək görəcəyik ki, artıq uzun illərdir həyata keçirilən enerji layihələri Qərbin enerji təhlükəsizliyi üçün mühüm strateji alternativə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
H.Babaoğlunun sözlərinə görə, buna paralel olaraq reallaşdırılan enerji layihələri sayəsində yeni nəqliyyat kommunikasiyaları yaranıb. Böyük İpək Yolunun orta dəhlizi üçün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin timsalında əlverişli və təhlükəsiz nəqliyyat rabitəsi təmin edilib. Cənub Qaz Dəhlizi də ayrı tarixi hadisə olmaqla bərabər, XXI əsrin müqaviləsi hesab edilir. Bütün bunlar Azərbaycanın yalnız enerji sahəsində yaratdığı strateji reallıqlardır.
“Bundan başqa, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarda təmsil olunmaq və onlara rəhbərlik etmək təcrübəsində də yeni reallıqlar yaratmağı, təşəbbüskar olmağı bacarıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata rəhbərlik edərkən beynəlxalq hüququn təmin edilməsi, dövlətlərin ərazi bütövlüyünün qorunması, təcavüzün qarşısının alınması kimi mühüm təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan qlobal pandemiya başlayandan bəri çoxsaylı tədbirlər keçirib, hətta mövzu ilə bağlı BMT Baş Assambleyasının xüsusi iclasının çağırılmasına nail olub. İnklüzivlik, bərabərlik, COVID-19 xəstəliyi ilə birgə mübarizə üçün ortaq resursların səfərbər edilməsinin təşkili istiqamətində mühüm addımlar atıb. Ölkəmiz, eyni zamanda, ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla ikitərəfli münasibətlərdə nümunəvi tərəfdaşlıq platformaları yaradıb”, -deyə Hikmət Babaoğlu diqqətə çatdırıb.
Deputat vurğulayıb ki, əldə olunun bu uğurlar isə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin daim diqqət mərkəzində olmasını və təqdir edilməsini şərtləndirib. Ona görə də 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentinin ünvanına gələn təbrik məktublarının məzmununda bu strateji məsələlər və onların öz həllini tapmasında Prezident İlham Əliyevin rolu xüsusilə vurğulanır. Bu, hər bir azərbaycanlıya qürur verir.