Hikmət Hacıyev: Ermənistan xarici işlər nazirinin substantiv danışıqlara qarşı xüsusi fobiyası var
Bakı, 27 mart, AZƏRTAC
Ermənistan xarici işlər nazirinin substantiv danışıqlara qarşı xüsusi fobiyası var. 2017-ci ilin payızından etibarən danışıqların predmetli və konkret əsasda aparılması deyəsən Ermənistan xarici işlər nazirini ciddi surətdə narahat edir. Çünki Ermənistan hər bir vəchlə qəsdən danışıqların danışıqlar naminə aparılması və danışıqların imitasiya edilməsi siyasətini yürüdür. Bununla, Ermənistan danışıqlar prosesini uzatmaq və Azərbaycan ərazilərinin işğalını davam etdirmək kimi çirkin məqsəd güdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Hikmət Hacıyev qeyd edib ki, münaqişənin fundamental əsasını təşkil edən işğal faktına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması əvəzinə, Ermənistanın siyasi-hərbi rəhbərliyi qəsdən danışıqlarda diqqəti texniki-köməkçi məsələlərə yönəltməyə çalışır.
Ermənistanın bir dövlət olaraq Azərbaycanın əzəli torpaqlarında yaradılması tarixi faktdır. Ermənistanın siyasi-hərbi rəhbərliyinə XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən yalnız Yerevan şəhərində aparılmış əhalinin siyahıyaalınma statistikasına nəzər salmağı tövsiyə edərdik. Hələ də mifik və xəstə “böyük Ermənistan” xülyası ilə yaşayan Ermənistan rəhbərliyi natamamlıq kompleksindən əziyyət çəkərək müxtəlif əfsanələrlə erməni xalqını aldatmaq, qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürmək və işğalçılıq siyasəti yürütməklə məşğuldur.
Regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan rəhbərliyi Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi əməllərinə görə məsuliyyətini etiraf etməli, BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə görə daşıdığı öhdəliklərinə əməl etməli və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, öz qoşunlarını dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.