CƏMİYYƏT
Himalay Məmişov: İnvestisiya Şurasının və İnvestisiya Komitəsinin yaradılması istiqamətində iş gedir
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə həm Dövlət Sosial Müdafiə Fondunun (DSMF), həm də İşsizlikdən Sığorta Fondunun investisiya fəaliyyətinin həyata keçirilməsi qaydaları təsdiqlənib. Həmin qaydalarda investisiyanın ediləcəyi istiqamətlər müəyyən olunub. Burada xüsusi diqqət yetirilməli məqam ondan ibarətdir ki, hər iki fondun investisiyalarını yatıracağı istiqamətlər maksimum dövlət zəmanəti ilə təmin olunmuş istiqamətlərdir. Yəni burada hər iki fondun tutduğu yanaşma maksimum risksiz investisiyaların həyata keçirilməsidir. İnvestisiya istiqamətləri qaydalarda müəyyən olunduğu kimi dövlət qiymətli kağızlarına, dövlət istiqrazlarına, Mərkəzi Bankın istiqrazlarına, sistem əhəmiyyətli banklarda depozitlərin yerləşdirilməsinə, eləcə də qeyd olunan qiymətli kağızlardan istifadə etməklə repo və əks-repo əməliyyatlarına yönəltmədən ibarət olacaq.
AZƏRTAC xəbər verir ki, bunu DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov jurnalistlərə müsahibəsində deyib.
H.Məmişovun sözlərinə görə, investisiyadan əldə olunan gəlirlər də həm pensiya sahəsində, həm həssas qrupdan olan vətəndaşların sosial təminatı sahəsində islahatların həyata keçirilməsinə, həm də həmin sahədə həyata keçirilən islahatların daha da genişləndirilməsi prosesinin sürətləndirilməsinə sərf olunacaq: “Bu il həmin istiqamətlərə investisiya yatırılması nəzərdə tutulur. Hazırda bununla əlaqədar olaraq hazırlıq işləri həyata keçirilir. Qaydalara əsasən müvafiq prosedurlar icra olunmalıdır. İnvestisiya Şurasının və İnvestisiya Komitəsinin yaradılması, onların əsasnamələrinin təsdiq olunması, eləcə də həmin sahədə sistemli işin həyata keçirilməsi məqsədilə investisiya sənədinin hazırlanması istiqamətində iş gedir. Bu proses yekunlaşdıqdan sonra ilin ortalarına yaxın investisiyaların yerləşdirilməsi istiqamətində tədbirlər görüləcək”.