Humanitar və ictimai elmlər yeni tarixi mərhələ müstəvisində - elmi konfrans
Bakı, 16 dekabr, AZƏRTAC
AMEA Gənc Alim və Mütəxəssislər Şurası və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Humanitar və ictimai elmlər yeni tarixi mərhələ müstəvisində” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Əlyazmalar İnstitutunun ev sahibliyi etdiyi konfransın plenar iclasını institutun elmi katibi dosent Aynur Hacıqədirli açaraq akademiyanın elmi ənənələrin qorunub saxlanılması, yeniləşmə proseslərinin daha da genişləndirilməsi, elmin inkişafı istiqamətində gördüyü işlər və əvəzsiz xidmətlərindən bəhs edib. Alim bu cür aktual mövzunu əhatə edən konfransın məhz gənclər tərəfindən keçirilməsini təqdirəlayiq hesab edib.
Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Elektron xidmətlər şöbəsinin müdiri Səadət Mustafayeva çıxışında respublika əhəmiyyətli tədbirlərin təşkilinin yeni yanaşma və metodologiyaların mənimsənilməsi baxımından xüsusi mahiyyət kəsb etdiyini diqqətə çatdırıb, konfransın təşkil olunmasında göstərdiyi dəstəyə görə AMEA və Əlyazmalar İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.
Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova çıxışında gənclərimizin cəmiyyətdə fəallığını və idarəetmədə rolunu qeyd edərək onların müasir elmimizin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən söz açıb, ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq bir nəslin formalaşdığını diqqətə çatdırıb.
Konfransın işi bölmə iclasları ilə davam edib.