“HÜQUQ VƏ AZADLIQLARIN MÜDAFİƏSİ” MÖVZUSUNDA SEMİNAR ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Noyabrın 8-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Şurası Venesiya Komissiyasının birgə təşkil etdikləri “Fərdi şikayət vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən əsas hüquq və azadlıqların müdafiəsi” mövzusunda ikigünlük seminar öz işinə başlamışdır.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev və Venesiya Komissiyasının katibi Cani Bukikkio seminarın əhəmiyyətini vurğuladılar, onun səmərəli nəticələr verəcəyinə ümid etdiklərini bildirdilər.
Seminarın birinci günü Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladzenin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti və səlahiyyətləri”, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Anatoli Kovlerin “Məhkəməyə müraciət etmək hüququ. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikası”, Venesiya Komissiyasının eksperti, professor Xavyer Qarsia Rokanın “Amparo” İspaniya proseduru vasitəsilə əsas hüquqların müdafiəsi”, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Bəhmən Qəribovun “Azərbaycanda fərdi şikayət prosedurunun tətbiq edilməsi”, Almaniya Konstitusiya Məhkəməsinin müşaviri, xanım Katarina Barlinin “Almaniya Konstitusiya Məhkəməsində fərdi şikayətlərə baxılması praktikası”, Latviya Konstitusiya Məhkəməsinin sədri Ayvars Endzinşin “Fərdi şikayətlərə baxılmasında Latviya Konstitusiya Məhkəməsinin təcrübəsi” mövzularında məruzələri dinlənilmiş, ətraflı müzakirələr aparılmışdır.
Seminarın açılışında ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Südabə Həsənova, Apellyasiya Məhkəməsinin sədri Gülzar Rzayeva, Baş prokuror Zakir Qaralov, Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edirdilər.