Hutsi qiyamçıları Yəmən ordusunun 11 əsgərini qətlə yetiriblər
Qahirə, 17 avqust, AZƏRTAC
Yəmən ordusu ilə Hutsi qiyamçıları arasında davam edən döyüşlərdə 11 əsgərin həlak olduğu, 26 qiyamçının da öldürüldüyü bildirilir.
AZƏRTAC xəbər verir ki, “Əl-Ərəbiyə” telekanalı paytaxt Səna şəhərinin də raket atəşinə tutulduğu haqqında xəbər yayıb. Eyni zamanda, Hutsi qiyamçıları Səudiyyə Ərəbistanının ərazisinə də raket zərbələri endiriblər. Lakin hava hücumundan müdafiə qüvvələri bu zərbələri zərərsizləşdirib.
İslam Əməkdaşlıq Təşkilatı və ərəb dövlətləri qiyamçıların bu hücumunu pisləyən bəyanatlar yayıblar.
Yəmən ordusunun məlumatında bildirilib ki, Hutsi qiyamçıları paytaxt Sənanın şimal-qərbində yerləşən Əl-Cavf rayonunu ələ keçiriblər. Bu ərazidə neft quyuları da silahlıların nəzarəti altındadır.
Yəmənin vitse-prezidenti Əli Möhsün Əl-Əhmar rəsmi Saba agentliyinə müsahibəsində ölkənin Əl-Bayda vilayətində də qiyamçılarla ordu arasında döyüşlərin getdiyini söyləyib. Onun sözlərinə görə, eyni zamanda, “Əl-Qaidə” silahlıları ilə Hutsi qiyamçıları arasında da atışmalar baş verib. Vitse-prezident əlavə edib ki, “Əl-Qaidə” həm Yəmən hökumətinə, həm də Hutsi qiyamçılarına qarşı vuruşur.
Yəməndə ordu ilə qiyamçılar arasında döyüşlər COVID-19 pandemiyasının daha geniş yayıldığı bir şəraitdə davam edir. Bu ölkədə 1800-dən çox yoluxma və 530 ölüm faktı qeydə alınıb. Bundan başqa, paytaxt Səna da daxil olmaqla, Yəmənin vilayətlərində aclıq və səfalət humanitar fəlakət həddinə çatıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə