“HYUMAN RAYTS VOTÇ”: MÜXALİFƏTİN ZORAKILIĞA ƏL ATMASINA GÖZ YUMMURUQ
-Üstündən bir müddət keçsə də təşkilatınızın Azərbaycandakı seçkilərə dair çap etdiyi hesabatla bağlı müzakirələr davam edir. Hakimiyyət təqdim etdiyiniz bir sıra faktlarla razılaşmamışdır. Seçkilərə dair rəsmi Bakının sizə göndərdiyi məlumatla tanış olmusunuzmu?
-Hesabata dair Azərbaycanın rəsmi mövqeyi bizə Vaşinqtondakı səfirliyiniz tərəfindən çatdırılmışdır. Onlarla görüşümüzdə biz bu barədə fikir mübadiləsi aparmışdıq. Faktlara gəldikdə, rəsmi Bakının təqdim etdiyi məlumatda, bir-iki kiçik istisnalar olmaqla, bizim üçün yeni və təəccüblü heç bir şey yox idi. Zənnimcə, hakimiyyətlə “Hyuman Rayts Votç” arasında olan ən böyük fikir ayrılığı təşkilatın missiyasının nədən ibarət olduğu, nümayişçilərə qarşı həddindən artıq güc tətbiq edilməsinə dair mövqeyimiz ətrafında yaranıb.
-Sizin missiyanız siyasi baxışlarından və mövqeyindən asılı olmayaraq, dünyada bütün insanların hüquqlarını qorumaqdır. Bununla belə, hesabatın hazırlanması zamanı aldığınız müsahibələr yalnız müxalifət tərəfdarları ilədir. Nə üçün seçkilərdən sonra baş verən qarşıdurmalar zamanı zərər çəkən adi insanları və ya hüquq mühafizə orqanlarının nümayəndələrini dinləməmisiniz? İnternet saytınızda döyülən polis əməkdaşları və yaxud Azadlıq meydanında ayaqlar altında qalan 5 yaşlı körpə haqda nə məlumat, nə də şəkil var...
-Çap edilmiş hesabata etirazçılar tərəfindən döyülən bir polis əməkdaşının meydandan aparılmasını əks edən şəkil daxil etmişik. Bu şəkilləri biz özümüz çəkmişik. Haqqında danışdığınız 5 yaşlı uşağa gəldikdə isə, ona dair məlumatımız yox idi. Amma, sualın bu cür qoyuluşu məni sevindirir. Çünki ona cavabımda bir sıra anlaşılmazlıqları aradan qaldırmaq istərdim. Düzdür, “Hyuman Rayts Votç” siyasi dəyərləri və ya baxışlarından asılı olmayaraq, bütün insanların huquqlarının qorunması tərəfdarıdır. Lakin Azərbaycana dair hesabatdan danışarkən bir mühüm məqamı vurğulayım. Biz etiraf edirik ki, 15-16 oktyabr hadisələrində müxalifət polisə qarşı zorakılığa, şəhərdə özbaşınalığa yol vermişdir. Buna göz yummaq fikrində deyilik. Bu fakt, hesabatımızda da qeyd edilib. Lakin onlar hakimiyyət nümayəndələri deyil, fərdi şəxslərdir. Onlar tərəfindən edilən hərəkətlər insan haqlarının pozulması yox, cinayət kimi dəyərləndirilməlidir və qanun qarşısına çıxarılmalıdır. İnsan haqlarının pozulması hakimiyyət təmsilçisinin zorakılığa əl atması zamanı baş verir. Yalnız belə hallar bizim hesabatda əksini tapıb. Hakimiyyətin Azadlıq meydanında baş verən zorakılığın qarşısını almaq hüququ var idimi? Əlbəttə, var idi. Hakimiyyət ehtiyac olduğu təqdirdə güc tətbiq edə bilərmi? Beynəlxalq hüquqa əsasən edə bilər. Lakin bu addım ən son növbədə, başqa yollarla vəziyyətdən çıxış olmadığı təqdirdə atılmalıdır. Hesab edirik ki, Azərbaycanda hüquq mühafizə orqanları etirazçılara qarşı ehtiyac olmadan həddindən artıq güc tətbiq etmişdir.
-Apardığınız araşdırmalarda bir çox müsahiblərinizin adları çəkilmir. Bunun səbəbi nədir?
-Bunu onların təhlükəsizliyi baxımından etmişik. Dünyanın digər bölgələrinə dair yaydığımız hesabatlarda da müsahiblərimizi anonim saxlayırıq. Çünki adları açıqlandığı təqdirdə, onlara qarşı yeni təzyiqlər başlayır.
-Razıyam. Amma burada başqa bir məqam var. Hakimiyyət adları məlum olmayan şəxslərin hüquqlarının pozulması faktlarını necə araşdıra bilər? Məsələn, adı dəyişdirilən şəxs “Hyuman Rayts Votç”a bir qrup etirazçının polis dəyənəyindən qaçaraq, özlərini Xəzər dənizinə atdıqları barədə danışmışdır. Sadaladığınız digər faktlar hesabat nəşr olunanadək müxalifət mediasında bu və ya digər şəkildə yer alsa da, Xəzərə atılanlar barədə ilk dəfə sizdən eşitdik.
-Bu məlumatı bizə üç nəfər etirazçı təsdiqləmişdir. Onlar Azadlıq meydanında qarşıdurmalar zamanı polis təqibindən yaxa qurtarmaq üçün özlərini Xəzərə atdığını demişdilər. Musahibələrimiz, adətən, uzun və detallı olur. Ayrı-aryı şəxslərə eyni sualları verib cavablarını tutuşdururuq. Xəzər faktını bizə üç nəfər təsdiqləmişdir və verdikləri məlumat eyni idi.
-Hakimiyyətə verdiyiniz on iki bəndlik məsləhətlər sırasında müxalifət jurnalistlərinə qarşı təzyiqləri dayandırmaq çağırışı durur. Bu çağırışınız Azərbaycan mediasının bütün üzvləri tərəfindən dəstəklənir. Məlum hadisələrdə Lider TV-nin əməkdaşı Sahil Kərimli müsavatçılar tərəfindən döyülmüşdür. Siz bu hadisəni hesabata - “hakimiyyət meyilli Lider TV-nin reportyoru şəxsiyyətləri məlum olmayan adamlar tərəfindən döyülmüşdür” - sözləri ilə daxil etmisiniz. Bu addımı pislədiyinizə dair bir ifadə yoxdur. Belə çıxır ki, insan haqlarının qorunması və media azadlığı bütün jurnalistlər üçün nəzərdə tutulmayıb? -Mən açıq şəkildə bildirirəm ki, jurnalistin döyülməsi zorakılıq aktıdır və yolverilməzdir. Biz Sahil Kərimlinin müxalifət tərəfindən döyülməsini qəti surətdə pisləyirik. Hesabatda Lider TV-ni hakimiyyət meyilli media təqdim etməyimizdə məqsəd ondan ibarət idi ki, Kərimliyə hücum edənlərin müxalifət tərəfdarlarının olduğunu aydın göstərək. Demokratiyada media azadlığı təmin edilməlidir. Heç bir qələm sahibi hansısa siyasi üstünlüklərinə görə təqib olunmamalıdır.
-Hesabat hazırlanarkən, Azərbaycanda insan haqları üzrə ombudsmanla əlaqə saxlamısınızmı?
-Xeyr, onunla əlaqəmiz olmayıb.