İbrahim Karaosmanoğlu: Xocalı soyqırımına obyektiv hüquqi qiymət verilməlidir
Bakı, 27 fevral, AZƏRTAC
Bütün dünya ictimaiyyəti Xocalı soyqırımına obyektiv hüquqi qiymət verməlidir. Türkiyə də bu soyqırımının dünyada tanınmasına çalışır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu Azərbaycan nümayəndə heyəti ilə görüşündə deyib. O əlavə edib ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayət rəsmi sənədlərdə və fotolarda öz əksini tapıb. Qadınların və uşaqların işgəncələrlə qətlə yetirilməsi ermənilərin terrorçu bir xalq olduğunu təsdiq edir.
“Türkiyə hər zaman Azərbaycanın yanında olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə də dəstək verməyə hazırdır. Türkiyə Azərbaycandan da daim dəstək görür. Bu, həm siyasi, həm də diplomatik dəstəkdir”,- deyə bələdiyyə sədri bildirib.
İbrahim Karaosmanoğluna minnətdarlığını bildirən Milli Məclisin deputatı Qənirə Paşayeva qeyd edib ki, qardaş Türkiyə heç bir zaman Azərbaycanı tək qoymayıb. Bir çox məsələlərdə olduğu kimi, Xocalı soyqırımının dünyada tanıdılmasına da kömək edib. Qardaş ölkədə hər il Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir.
Azərbaycanlı nümayəndə heyətinin üzvü Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva isə qeyd edib ki, Türkiyə ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini daim uca tutur. O, Kocaeli şəhərində şəhidlərin xatirəsinə ucaldılan abidə ilə bağlı bələdiyyə sədrinə minnətdarlığını bildirib. Gülarə Verdiyeva, həmçinin erməni terrorçularının törətdiyi qanlı hadisə ilə bağlı türkiyəli rəsmilərə geniş məlumat verib.
Sonra Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış edərək bildirib ki, 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi yeni başladığı dövrlərdə ilk dəstək qardaş Türkiyədən gəlib. Qardaş ölkənin dəstəyini bu gündə bizdən əsirgəmədiyini deyən Qarabağ əlili Azərbaycanın da hər zaman Türkiyənin yayında olduğunu söyləyib.
Sonda Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədrinə xatirə hədiyyələri təqdim
olunub.