ICESCO gənclər siyasətini prioritet elan edib
Bakı, 23 noyabr, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Malik bəşəriyyət üçün daha yaxşı gələcək qurmaq üçün innovasiya və yaradıcılıq sahələrində gənclərin dəstəklənməsinin vacibliyini vurğulayıb. O diqqətə çatdırıb ki, İslam aləmində əhalinin təqribən 50 faizini məhz gənclər təşkil edir. Bu faktı nəzərə alan ICESCO üzv dövlətlərin dəstəyi ilə öz proqram və layihələrini gənclərin sabahın peşələri üzrə bacarıqlarının artırılmasına və onları texnologiya və innovasiya sahələrində sahibkar olmağa hazırlamağa yönəldib.
AZƏRTAC təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verir ki, bu fikirlər Salim Əl-Malikin Cənubi Afrikanın Durban şəhərində keçirilən 2023-cü il Dünya Biznes Mələyi İnvestisiya Forumunun (WBAF) iclasındakı çıxışında yer alıb. Tədbirdə bir sıra İslam ölkələrinin nazirləri və yüksək səviyyəli rəsmiləri iştirak ediblər. İştirakçılar investisiya və sahibkarlıq mexanizmlərini gücləndirmək, innovasiyaların maliyyələşdirilməsi və təşviqində sahibkarların üzləşdiyi çətinliklərin həlli yollarını hazırlamaq, o cümlədən maliyyə xidmətlərinə çıxışı asanlaşdırmaq və maliyyə biliklərini artırmaq məsələlərini müzakirə ediblər.
Baş katib “Maliyyə inklüzivliyini və startapların maliyyəyə çıxışını təşviq etmək üçün qlobal dialoq” mövzusunda nazirlər səviyyəsində keçirilən sessiyada gənclərin innovasiya və yaradıcılığın təşviqində mühüm rolunu və onların enerjilərini gələcəyin qurulmasına yönəltmək ehtiyacını vurğulayıb. O, təşkilata üzv dövlətlərin dəstəyi ilə sahibkarlıqda müasir texnologiya və innovasiyaları təşviq etmək səylərini yüksək qiymətləndirib, kreativ iqtisadiyyatı dəstəkləmək üçün kiçik texnologiya və innovasiya layihələrinin inkişafı və model peyk dizaynı üzrə gənclərə yönəlmiş təlim seminarının əhəmiyyətini qeyd edib.
Forumda ICESCO və WBAF arasında innovasiyalar və gənc sahibkarların təlimi vasitəsilə sahibkarlığın və inkişaf etməkdə olan iqtisadiyyatların təşviqinə töhfə vermək məqsədi daşıyan əməkdaşlıq sazişi imzalanıb. İslam dünyasında mələk sərmayəsini təşviq etməklə yanaşı, davamlı inkişafa nail olmaq üçün gənclərə yönəlmiş birgə proqramlar və fəaliyyətlər hazırlanmasının zəruriliyi də vurğulanıb.