İDARƏETMƏ MƏDƏNİYYƏTİ
Bakı, 29 dekabr (AZƏRTAC). “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının mətbuat xidmətindən bildirmişlər ki, yeni kitab - “İdarəetmə mədəniyyəti” (xarici ölkələrin təcrübəsi) kitabı nəşr olunmuşdur.
Kitabın müəllifi kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad Məmmədovdur.
Kitabda XXI əsrin əsas paradiqmi olan kulturologiyanın əhəmiyyəti, milli və beynəlxalq idarəetmənin elmi əsası kimi rolu göstərilmiş, müəllif tərəfindən işlənib hazırlanmış səmərəli idarəetmənin innovasiya üsullarının yaradılmasına imkan verən “kulturoloji piramida”nın universal metodu təsvir edilmişdir. Monoqrafiyada Şərq və Qərb ölkələrində qədim və orta əsr dövrlərində dövlət idarəetməsinin tarixi, habelə federal və unitar demokratik ölkələrdə dövlət idarəetməsinin təcrübəsi, ABŞ, Böyük Britaniya, Almaniya və Fransada dövlət qulluğunun xüsusiyyətləri, Yaponiya, Çin və Tayvanda iqtisadi inkişafın “sirləri” nəzərdən keçirilir.
Bütün fəaliyyət növləri və sahələr üzrə rəhbərlər, dövlət qulluqçuları və mütəxəssislər kitabda elmi idarəetmə və təşkilat mədəniyyəti növləri, elmi yanaşmalar, demokratik idarəetmənin prinsipləri və məktəbləri, şəxsiyyətin mədəniyyəti, özünüidarəetmə mədəniyyəti, ailə, liderlik, məsuliyyət, etik, hüquqi və siyasi mədəniyyət və bir çox digər mövzulara dair materiallarla tanış ola bilərlər. Bu kitab onlara səmərəli idarəetmə üsulunun seçilməsində düzgün qərarlar qəbul etməyə yardımçı olacaqdır.
Belə universal biliklər mövcud idarəetmə modellərinin və texnologiyaların təkmilləşdirilməsinə və yenilərinin yaradılmasına imkan yaradır.