İDMAN GİMNASTİKASI ÜZRƏ BAKI BİRİNCİLİYİNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞMİŞDİR
İdman ustaları arasında birinci yeri yenə də OMİK-in 99 bal toplayan nümayəndəsi Teymur Şahlamazov tutmuşdur. Ustalığa namizədlər arasında ən yaxşı nəticəni 99,1 balla klubun digər nümayəndəsi Elvin Ağadədəyev göstərmişdir. Birinci dərəcəli gimnastların yarışında fəxri kürsünün ən yüksək pilləsinə 106,35 balla gimnastika məktəbinin nümayəndəsi Murad Tatlıyev qalxmışdır. İkinci dərəcəli gimnastların yarışında 101,7 balla Altay Əhədov fərqlənmişdir. Üçüncü dərəcəlilərin yarışında isə liseyin nümayəndəsi Şamil İsmayılov 54,9 balla qalib gəlmişdir.
Çempionat çərçivəsində yeniyetmələr arasında da qaliblər müəyyənləşmişdir. Üçüncü dərəcəli yeniyetmələrin yarışında qələbəni liseyin nümayəndəsi Rüstəm Valyulin (53,2 bal) qazanmışdır. İkinci dərəcəlilərin yarışında ən yaxşı nəticəni Emil Quliyev (lisey, 55,75 bal) göstərmiş, birinci dərəcəlilərin yarışında isə Fuad Qubadov (lisey, 57,75 bal) fərqlənmişdir.
Gimnastika Federasiyasının mətbuat xidmətindən həmçinin bildirmişlər ki, aprelin 3-8-də Moskva vilayətinin Obninsk şəhərində Beynəlxalq Gimnastika Federasiyasının təşkilatçılığı ilə idman gimnastikası üzrə hakimlər üçün beynəlxalq kurslar keçiriləcəkdir. Kurslarda birinci respublika dərəcəsi olan Elşən Əliyev də iştirak edəcəkdir.