İkili diplom proqramı - təhsil ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə ikili diplom proqramına əsasən, təhsil ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu elan edilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən ADPU və Corc Vaşinqton Universitetinin magistratura səviyyəsi üzrə birgə ikili diplom proqramına müraciət etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ayrıca imtahan keçiriləcək.
2020-ci ilin iyul ayı ərzində keçirilməsi nəzərdə tutulan imtahanda bakalavriat səviyyəsinin təhsil ixtisasları, humanitar və sosial ixtisaslar, iqtisadiyyat və idarəetmə ixtisasları və təbiət ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən və 2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak etməyən cari və əvvəlki illərin məzunları iştirak edə bilərlər. Qeyd olunan ixtisas qrupları üzrə müsabiqə şərtləri ilə http://dim.gov.az/upload/iblock/722/722427deb079a797a09f002d9ae32175.pdf linkində tanış olmaq mümkündür.
2020-ci il fevralın 23-də keçirilmiş magistraturaya qəbul imtahanında iştirak edərək müsabiqə şərtlərini ödəyən, lakin daha əvvəl sözügedən proqrama ADPU tərəfindən aparılan sənəd qəbulunda iştirak etməyənlər də proqrama müraciət edə bilərlər.
İkili diplom proqramında təhsil almaq istəyən namizədlərin müraciətlərinin qəbulu ADPU tərəfindən iyulun 20-dək davam etdiriləcək.
Müvafiq elanla linkdə tanış olmaq mümkündür.